CƏMİYYƏT


“WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək

Bakı, 14 may, AZƏRTAC 

Mayın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək. Konfrans XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində təşkil ediləcək.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dövlət və hökumət nümayəndələri, müxtəlif ölkələrin aidiyyəti qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi konfransda ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında “Kodeks Alimentarius” standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, “HACPP” sisteminin tətbiqi və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi mövzularında sessiya müzakirələri aparılacaq.

Konfransda agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu (TSE), Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) və ABŞ-ın Merilend Universiteti-ABŞ Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, konfrans ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfə verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz məhsulların istehsalına köməklik göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.