RƏSMİ XRONİKA
XALQ RƏSSAMI FƏRHAD XƏLİLOVA
Sizi - Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsini anadan olmağınızın 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz Azərbaycan rəssamlıq sənətinin inkişafında böyük xidmətlər göstərən mahir fırça ustalarındansınız. Müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri özünün forma rəngarəngliyi, kompozisiya və rəng həlli, estetik kamilliyi, ideya-bədii dəyəri ilə səciyyələnir. Azərbaycan təbiətinin gözəlliklərini, müasirlərimizin zəngin psixoloji obrazlarını rənglərin diliylə dolğun əks etdirən tematik tablolarınız və mənzərə əsərləriniz sənətsevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. İstedadlı sənətkar fırçasının məhsulu olub həyata və təbiətə sevgidən yaranan həmin lövhələr insana xoş əhval-ruhiyyə bəxş edir.
Ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunmuş incəsənət sərgilərində, muzey və qalereyalarda nümayiş etdirilən əsərləriniz Azərbaycan rəngkarlıq mədəniyyətini layiqincə təmsil etmiş, Sizi müasir ruhlu sənətkar və eyni zamanda, çoxəsrlik ənənələrə malik milli təsviri sənətimizin davamçılarından biri kimi tanıtmışdır.
Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində uzun illərdən bəri yüksək təşkilatçılığınız və gənc rəssamlar nəslinin yetişdirilməsində səmərəli fəaliyyətiniz də təqdirəlayiqdir.
İnanıram ki, özünəməxsusluğu ilə seçilən yaradıcılığınızla Siz bundan sonra da sənətinizin pərəstişkarlarını yeni-yeni əsərlərlə sevindirəcək, milli mədəniyyətimizin inkişafı naminə əlinizdən gələni əsirgəməyəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və sənət uğurları arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2006-cı il.