DÜNYA
XƏRÇƏNGƏ QARŞI YENİ VAKSİN YARADILMIŞDIR
Bakı, 17 iyul (AZƏRTAC). Britaniya alimləri Midlseks Universitetinin professoru Rey Aylesin rəhbərliyi altında onkologiyada əsl çevriliş etmişlər. Onlar xərşəngin ən qorxulu növlərinin, o cümlədən döş, bağırsaq, yumurtalıq, mədəaltı vəzi xərçənginin inkişafının qarşısını alan, hətta şişləri kiçildən vaksin yaratmışlar.
Bəzi aqressiv şişlər yalnız hamilə qadınlarda müşahidə olunan hormonlar əmələ gətirir. Söhbət xorionik qonadotropin hormonundan (hCG) gedir. Hamiləlik testi zamanı məhz bu hormon həlledici rol oynayır, yəni cavabın müsbət olduğunu göstərir.
Professor Rey Ayles müəyyən etmişdir ki, sidik kisəsi xərçənginin bəzi növlərində, mədəaltı vəzi, yumurtalıq, döş və bağırsaq xərçəngi hallarının yarısında hCG-nin müəyyən forması əmələ gəlir. Onun yaratdığı vaksin hCG-ni məhv etmək üçün immun sisteminin proqramını yenidən qurur. Nəticədə şişlər azalır, metastaz prosesləri ləngiyir.
Vaksinin insanlar üzərində ilkin kliniki sınaqları uğurla başa çatmışdır. Buna baxmayaraq, alimlər onu yalnız beş ildən sonra bazara çıxarmaq niyyətindədirlər. Vaksin təkcə Böyük Britaniyada hər il minlərlə insanın həyatını xilas edə biləcəkdir.