SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Mayın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Avropa Şurası Nazirlər Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Vilnüsə gəlmişdir.
Elə həmin gün nazir V.Quliyev ilə Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xarici işlər naziri Antanas Valionis arasında görüş keçirilmişdir. Aprelin əvvəllərində ölkəmizə səfərini məmnunluqla xatırlayan litvalı nazir Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığından razı qaldığını bildirmişdir. Gələcəkdə hər iki ölkənin Avropa Şurası yanındakı nümayəndəlikləri və AŞPA-dakı parlament nümayəndə heyətləri arasında əməkdaşlığı daha da dərinləşdirməyin vacibliyi qeyd edilmişdir. Nazir V.Quliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduğu vaxtdan etibarən qanunvericilik bazasının təkmilləşdirilməsi, insan haqlarının qorunması, demokratik proseslərin dərinləşməsi və s. istiqamətlərdə görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Nazirlər ikitərəfli münasibətlər barəsində də fikir mübadiləsi aparmış, konkret fəaliyyət proqramını müzakirə etmişlər.
Xarici işlər naziri V.Quliyevlə Avropa Şurasının Baş katibi Valter Şvimmer arasında da görüş olmuşdur. Görüş zamanı Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi, monitorinq qruplarının fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa Şurasının rolu və digər məsələlər müzakirə olunmuşdur. Avropa Şurasının Baş katibi bu il ərzində Azərbaycana səfər edəcəyini bildirmişdir. Azərbaycanın xarici işlər naziri öz ölkəsinin Avropa Şurası ilə əməkdaşlığa mühüm diqqət yetirdiyini və bu qurum ilə əlaqələri daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğunu bir daha vurğulamışdır.
Mayın 3-də nazir V.Quliyev Avropa Şurası Nazirlər Komitəsinin 110-cu sessiyasında çıxış etmişdir. O, öz çıxışında terrorçuluğun, təcavüzkar separatçılığın insanların və dövlətlərin həyatı üçün təhlükə törətdiyini xüsusi qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Cənubi Qafqaz üçün deyil, Avropa üçün təhlükə mənbəyi olduğunu bildirmişdir.
Həmin gün nazir Vilayət Quliyevlə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Frans van Deniken arasında görüş keçirilmişdir. Tərəflər ikitərəfli münasibətlər barədə müzakirələr aparmış, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi etmişlər.
Növbəti 6 ay ərzində Avropa Şurası Nazirlər Komitəsinin sədri olacaq Lüksemburqun xarici işlər naziri xanım Lidiya Polferlə görüş zamanı nazir Vilayət Quliyev Avropa Şurasının fəaliyyətinin və üzv ölkələrlə əlaqələrinin təkmilləşdirilməsi yollarını öz həmkarı ilə müzakirə etmişdir.
Mayın 3-də Azərbaycan xarici işlər naziri Vilayət Quliyev BMT İnsan Haqları Komissiyasının sədri xanım Meri Robensonla da görüşmüşdür.
Həmin gün xarici işlər naziri Vilayət Quliyevin Litvada yaşayan azərbaycanlı icması ilə görüşü olmuşdur. Görüşdə Estoniya və Latviyada yaşayan azərbaycanlılar da iştirak etmişlər.