İQTİSADİYYAT
XƏZƏRDƏKİ “GÜNƏŞLİ” YATAĞINDA YÜKSƏK HASİLATLI QAZ QUYUSU İSTİSMARA VERİLMİŞDİR
AZƏRTAC ARDNŞ-in mətbuat xidmətinə istinadla xəbər verir ki, 28 May Neft və Qaz Çıxarma İdarəsi “Günəşli” yatağındakı 8 nömrəli platformada 162-ci qaz quyusunu yüksək hasilatla istismara buraxmışdır. Quyu 2267-2247 metr dərinlikdən – VI horizontdan sutkada 250 min kubmetr qaz verir. Ehtiyatda daha bir neçə məhsuldar horizont vardır. Yeni quyu artıq yüksəktəzyiqli qaz kəmərinə birləşdirilmişdir. Bu, ilin əvvəlindən “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazması İşləri İdarəsi tərəfindən “Günəşli” yatağındakı platformalardan qazılaraq istismara verilən sayca 4-cü qaz quyusudur. Sutka ərzində bu quyulardan 1,2 milyon kubmetr qaz istehsal edilir.
Mayın 29-da “Günəşli” yatağında sutkalıq rekord qaz hasilatı qeydə alınmışdır – 11 milyon kubmetr. Ötən ilin mayında bu göstərici 6,9 milyon kubmetr təşkil etmişdi. Bir il ərzində ARDNŞ-in qaz hasilatı Proqramının həyata keçirilməsi üzrə səmərəli və məqsədyönlü işlər nəticəsində hasilat 4,1 milyon kubmetr artmışdır. Proqrama əsasən, ötən il geoloqların təklifi ilə 10 neft quyusu yüksək məhsuldarlığa malik qaz horizontlarına keçirilmişdir. Bundan əlavə, 7 yeni yüksək hasilatlı qaz quyusu qazılmışdır. Bu 17 quyunun hər biri 200-450 min kubmetr hasilatla istismara verilmişdir.
Hazırda “Günəşli” yatağında fəaliyyətdə olan 31 qaz quyusu vardır. Ötən ilin mayında onların sayı 14 olmuşdur. Yaxın iki il ərzində “Günəşli” yatağında 250-300 min kubmetr orta sutkalıq hasilatla daha 23 yeni qaz quyusunun qazılması planlaşdırılmışdır.Bu da ümumilikdə sutkada 7 milyon kubmetr qaz hasilatı deməkdir.