CƏMİYYƏT


XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinin iştirakçıları Dövlət Komitəsində olublar

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil olunan “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları iyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar.

AZƏRTAC xəbər verir ki, görüşdə Yay Məktəbinin tələbələrini salamlayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gənclərə ölkəmizdəki nümunəvi tolerantlıq mühiti və multikultural dəyərlərə əsaslanan dövlət-din münasibətləri, komitənin fəaliyyət istiqamətləri, həmçinin Azərbaycanda müxtəlif dinlər və konfessiyalar arasındakı harmoniya barədə danışıb.

Bildirilib ki, dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında mühüm amildir. Tarixən çoxmədəniyyətli və tolerant ənənələrlə zəngin cəmiyyəti olan Azərbaycan dövləti bu ənənələri möhkəmləndirmək siyasətini həyata keçirir. Müxtəlif dinlərə aid icmalar cəmiyyətimizin ayrılmaz hissəsidir, onlar ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bütün dinlərə məxsus dini ibadətgahlar dövləti tərəfindən nəinki qorunur, həmçinin təmir və bərpa olunur. Prezident İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi” çərçivəsində Azərbaycanın mədəniyyət və dini tolerantlıq sahəsində ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin dinlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğinə verdiyi önəmi bir daha sübut edir.

Görüş zamanı xalqımızın 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsinə toxunan M.Qurbanlı erməni faşizminin tarixi abidələrə qarşı münasibətdə də özünü qabarıq şəkildə göstərdiyini diqqətə çatdırıb. O, 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilərin dağıtdığı dini abidələrin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpa olunması istiqamətində görülən işlərdən danışıb.

Sonda iştirakçıların suallarını cavablandıran komitə sədri dəyərli ənənəyə çevrilən beynəlxalq multikulturalizm yay və qış məktəblərinin əhəmiyyətinə toxunaraq layihənin gənclərin ölkəmizdəki nümunəvi tolerantlıq mühitinin əyani şahidi olmalarına şərait yaratdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.