ELM VƏ TƏHSİL
XII əsrdə yaşamış görkəmli təbib Zeynəddin Cürcaninin kitabı rus dilində tərcümə olunub
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Zemfira Məmmədova XII əsrdə yaşamış görkəmli təbib Zeynəddin ibn Əbu İbrahim İsmayıl əl-Cürcaninin “Qədim dövr tibbinə dair kitabça” əsərini farscadan ruscaya tərcümə edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab Zeynəddin Cürcaninin “Zəxireyi-Xarezmişahi” (“Xarəzmşahın xəzinəsi”) adlı tibbi əsərinin müxtəsər nüsxəsidir. İri həcmli “Zəxireyi-Xarezmişahi” əsəri ilə tanış olan Qızıl Arslan Əbu əl-Müzəffər ibn Xarəzmşah onun müxtəsər nüsxəsinin yazılmasını Cürcaniyə sifariş edib və beləliklə tibb alimi “Qədim dövr tibbinə dair kitabça” (“Xəfi-Əlayi”) əsərini ərsəyə gətirib.
Kitabda insan sağlamlığı üçün faydalı məsləhətlərdən – fəsillərin insan orqanizminə təsiri, yemək-içmək qaydası, həcəmət haqqında, eləcə də o dövrdə yayılmış xəstəliklərin müalicəsindən, müxtəlif xəstəliklərə qarşı hazırlanan çoxlu sayda bitki və heyvan mənşəli dərmanlardan bəhs olunur.
Qeyd edək ki, Z.Məmmədova 2016-cı ildə kitabı fars dilindən Azərbaycan dilinə tərcümə edib. O, nəşrin böyük maraq doğurduğunu və tibb tarixinin öyrənilməsində yararlı ola biləcəyini nəzərə alaraq əsəri ruscaya tərcümə edib. Bu kitab mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Kitabın redaktorları Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və tarix üzrə elmlər doktoru Fərid Ələkbərlidir.