SİYASƏT


XİN: Fransanın hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair açıqlaması tamamilə qərəzli xarakter daşıyır

Bakı, 11 noyabr, AZƏRTAC

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilib.

Açıqlamada, həmçinin deyilib: “Qeyd etmək istərdik ki, birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransanın xarici işlər nazirinin digər həmsədr ölkələrin adından çıxış etmək səlahiyyəti yoxdur.

Jan-İv Lö Drianın Fransanın həmsədr kimi mandatına uyğun olaraq, öz ölkəsinin daimi üzv qismində 1993-cü ildə lehinə səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi bəyanatları ilə çıxış etdiyini təəssüf ki, bu illər ərzində müşahidə etməmişik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğuna dərhal son qoyulması və bu ərazilərdən zorla qovulmuş insanların öz evlərinə geri dönməsi tələbinin Fransanın xarici siyasətə məsul qurumu tərəfindən nə zaman səsləndirildiyini xatırlamırıq. Yoxsa münaqişə nəticəsində yüz minlərlə azərbaycanlının fundamental insan hüquqlarının kobud şəkildə pozulması Fransanı maraqlandırmır?!

Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü təmin etməsi və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Fransanı narahat etməməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.