CƏMİYYƏT


XIX “Respublika Gənclər Debat Forumu: Yaz 2019” müsabiqəsinə yekun vurulub

Bakı, 23 may, Həsrət Mahmudova, AZƏRTAC

Milli Debat Proqramı çərçivəsində keçirilən XIX “Respublika Gənclər Debat Forumu: Yaz 2019” müsabiqəsinin Azərbaycan Dillər Universitetində bağlanış və mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Bakı Gənclər Debat Forumu: Yaz 2019”un final oyunu keçirilib.

Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla tədbirdə çıxış edərək debatların tarixindən söhbət açıb, debat təlimləri, turnirləri və belə forumların gənclər üçün önəmindən bəhs edib. Rektor final mərhələsində iştirak edən komandalara uğurlar arzulayıb.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında XIX dəfə keçirilən debat forumunun final mərhələsində iştirak edən bütün debatçıları təbrik edib. Nazir müavini davamlı şəkildə keçirilən Respublika Gənclər Debat forumlarında aktual mövzuların müzakirəyə çıxarılmasının təqdirəlayiq hal olduğunu vurğulayıb.

Milli Debat Proqramının rəhbəri Qulamhüseyn Məmmədov proqramın 20 illik fəaliyyətindən danışıb. O, uğurla başa çatan mövsüm ərzində görülən işlər haqqında məlumat verib.

Üç ay davam etmiş XIX “Respublika Gənclər Debat Forumu: Yaz 2019” çərçivəsində “Beynəlxalq tədbirlərin keçirilməsinin ölkənin inkişafında rolu” mövzusu ətrafında ümumilikdə 63 debat təlimi, 11 ekspert görüşü, 32 daxili debat turniri və 5 regional debat forumu keçirilib. Debat forumları Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran şəhərlərində təşkil olunub. Bundan əlavə, layihə çərçivəsində 33 komandanın iştirakı ilə “Bakı Gənclər Debat Forumu: Yaz 2019” reallaşıb.

“Bakı Gənclər Debat Forumu: Yaz 2019 “un Azərbaycan dili bölməsi üzrə finalında Azərbaycan Dillər Universitetinin “Debabat” və “Dereprobates” komandaları yarışıb. Nəticədə “Debabat” komandası forumun qalibi adına layiq görülüb. Forumun rus dili bölməsi üzrə qalib adını Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank of UNEC” komandası qazanıb.

Mərasimdə qalib və finalçılar, eləcə də həm Azərbaycan, həm də rus dili bölmələri üzrə ən yaxşı natiqlər təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.