İQTİSADİYYAT
XOCALI SOYQIRIMININ 14-CÜ İLDÖNÜMÜ AVSTRİYADA DA GENİŞ QEYD OLUNMUŞDUR
Səfirlik Xocalı soyqırımına dair mətbuat məlumatı hazırlamış və fevralın 25-də Avstriyanın dövlət orqanlarına, ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə, elm və təhsil ocaqlarına, habelə burada akkreditə olunmuş beynəlxalq təşkilatlara, xarici ölkələrin diplomatik nümayəndəliklərinə göndərmiş, həmçinin səfirliyin internet saytında yerləşdirmişdir.
Həmin gün saat 12.00-dan saat 16.00-dək “Azər-ATA” Cəmiyyəti, Azərbaycan Akademik Birliyi və Avstriya Türk Federasiyasının fəallarının iştirakı ilə Vyananın mərkəzi Kertner küçəsində Ştefansdom kilsəsinin qarşısında, Ştefansplats meydanında Xocalı soyqırımı ilə əlaqədar piketlər keçirilmiş və stendlər qurulmuşdur.
Vyana polisinin ictimai təşkilatlar üzrə bürosunun icazəsi ilə keçən aksiyalarda Azərbaycan, Türkiyə və Avstriyanın bayraqları dalğalandırılmış, Ermənistana qarşı şüarlar səsləndirilmiş və müvafiq məzmunda vərəqələr, Xocalıdan olan məcburi köçkünlərin BMT, Avropa Şurası və ATƏT-ə ünvanlanmış müraciəti paylanılmışdır.
Azərbaycan Akademik Birliyinin fəalları Xocalı soyqırımı haqqında internet səhifələrinin ünvanlarını göstərməklə məlumatlar paylamış, ölkənin hakimiyyət orqanlarına və siyasi partiyalarına faciə barədə məktublar göndərmişdir. Birlik Avstriyanın Xarici Siyasət üzrə Akademik Forumu və Vyana Diplomatik Akademiyası ilə birlikdə fevralın 28-də “Azərbaycanın xarici siyasəti 1991-2006-ci illərdə” mövzusunda seminar keçirmişdir.
Seminarda səfir F.İsmayılov, avstriyalı alim Erix Fayqlın və Azərbaycan Akademik Birliyinin üzvü İlqar Əliyevin məruzələri dinlənilmişdir.