RƏSMİ XRONİKA
XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ DAİM ƏZİZ TUTULACAQDIR
XATİRƏ ABİDƏSİNİN ÖNÜNƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ADINDAN ƏKLİL QOYULMUŞDUR
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçılarının və onların havadarlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciədən – bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımından on il keçsə də, bu amansız qırğının ürəklərə vurduğu yara qaysaq bağlamır. Nə qədər ki, bu faciənin günahkarları layiqli cəzalarını almayıb, həmin yara daim qövr edəcək, Xocalı şəhidlərinin ruhları rahat olmayacaqdır.
Fevralın 26-da Xocalı soyqırımının kədərli ildönümü və milli matəm günü münasibətilə Xətai rayonunda Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ucaldılmış “Vətənin harayı” abidəsinin önündə mərasim keçirilmişdir.
Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından abidənin önünə əklil qoyuldu.
Mərasimdə bildirildi ki, erməni işğalçılarının yuxarı Qarabağda, ətraf rayonlarımızda törətdikləri faciələr, o cümlədən insanlığa qarşı ağır cinayət olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Bu dəhşətli faciənin onuncu ildönümü ilə əlaqədar dövlətimizin başçısının Azərbaycan xalqına müraciətində deyildiyi kimi, indi məqsəd bu işi daha müntəzəm, ardıcıl və məqsədyönlü şəkildə aparmaqdan və faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarətdir. Belə faciələrin təkrar olunmaması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün xalqımız Prezidentimizin ətrafında daha sıx birləşməlidir.
Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və baş nazirin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Milli Məclisin deputatları, paytaxt ictimaiyyətinin nümayəndələri həlak olmuş övladını əllərində tutan ananın təsvir edildiyi abidənin önünə əklillər və gül-çiçək düzərək faciə qurbanlarının xatirəsini ehtiramla andılar.
Mərasimdə incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii kompozisiya göstərildi.
Foto İlqar Cəfərovundur