DÜNYA
XOŞBƏXTLİK HƏQİQƏTƏN DƏ PULDA DEYİLMİŞ
Bakı, 7 iyul (AZƏRTAC). İllinoys Universiteti (ABŞ) alimlərinin apardıqları irimiqyaslı sosioloji tədqiqat məşhur “xoşbəxtlik pulda deyildir” kəlamını bir daha təsdiq etmişdir.
Alimlər “Gallup” agentliyinin ilk dəfə apardığı qlobal sorğunun nəticələrini öyrənmişlər. Dünya əhalisinin 96 faizini təmsil edən 100 mindən çox respondentin iştirakı ilə keçirilən sorğunun nəticələri göstərmişdir ki, sərvət öz sahibinə əminlik hissi versə də, xoşbəxtlik hissini satın almağa qadir deyildir.
Odur ki, həm varlılar, həm də orta, hətta aşağı gəlir sahibləri həyatlarından razı qala bilərlər.
Fərəh və nəşə kimi müsbət emosiyalar pulla deyil, başqa amillərlə, o cümlədən ətrafdakıların hörmətini qazanmaq, heç kəsdən asılı olmamaq kimi hisslərlə daha sıx bağlıdır. Dostlar və məmnunluq verən iş də müsbət emosiyalar mənbəyidir.
Tədqiqatın müəllifi professor Ed Diner demişdir: ”Həyat və gəlir arasında əlaqəni müəyyən etmək üçün çox cəhdlər olmuşdur. Belə düşünmək daha ədalətli olardı ki, insan zənginləşdikcə həqiqətən həyatından böyük zövq alır. Lakin bu, həyatın zövq verməsi barədə dünyagörüşümüzə zənn etdiyimizdən xeyli az təsir göstərir”.