MƏDƏNİYYƏT


XTNS-dəki “Azərbaycan” pavilyonunda Novruz bayramı qeyd edilib

Moskva, 20 mart, AZƏRTAC

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Novruz bayramı şənlikləri keçirilib.

AZƏRTAC xəbər verir ki, xalq gəzintilərinə çıxan pavilyonun qonaqları Azərbaycan xalqının qonaqpərvərliyi və baharın gəlişi əhval-ruhiyyəsi ilə əhatə olunublar. Onlara Novruz adət-ənənələri barədə məlumat verilib, xalqımızın bu əziz bayramının atributları – tonqalın üzərindən tullanma, niyyət tutmaq, səməni, xonça və s. nümayiş etdirilib. Qonaqlar bayram adətlərinin sirləri ilə tanış olub, ənənəvi şirniyyatların bəzədilməsi üzrə ustad dərslərində iştirak edib, Azərbaycan milli rəqslərinin incəliklərini öyrənib, şəhər və beynəlxalq rəqs müsabiqələri laureatlarının çıxışlarından zövq alıblar.

Xalq gəzintiləri ilə yanaşı, pavilyonun qonaqları Dövlət Şərq Muzeyi tərəfindən Heydər Əliyev Fondu və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə açılmış “1940-1950-ci illər Azərbaycanın dəzgah heykəltaraşlığı” və rəssam Vera Xayrutdinovanın “Ayrı dünyalar” sərgilərini ziyarət ediblər.

Bayram şənliyinə gələnlər üçün müsabiqə və viktorinalar təşkil olunub, onlara “MBA-Moskva” bankı və “GRANAT” sisteminin mükafatları təqdim edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.