İQTİSADİYYAT
“XX ƏSRDƏ AZƏRBAYCANLILARA QARŞI ERMƏNİ SOYQIRIMI SİYASƏTİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Bildirilmişdir ki, XIX əsrdə Qafqaza köçürülmüş və Azərbaycan ərazilərində dövlət yaratmağa nail olmuş ermənilər sonradan “Böyük Ermənistan” xülyasına düşmüş, azərbaycanlıları doğma torpaqlarından təmizləmək üçün soyqırımı siyasətini həyata keçirməyə başlamışlar. Bu məqsədlə 1905-1907-ci və 1918-1920-ci illərdə minlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, 2 milyona yaxın azərbaycanlı, o cümlədən qadın, uşaq və qocalar vəhşicəsinə qətlə yetirilmişdir. Qeyd edilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı məkrli niyyətləri keçmiş SSRİ dövründə də davam etmiş, 1948-1953-cü illərdə azərbaycanlıların böyük hissəsi Qərbi Azərbaycandan, indiki Ermənistan Respublikasından deportasiya edilmişdir.
Ermənilərin azərbaycanlılara qarşı patoloji nifrəti XX əsrin 80-ci illərində zirvə nöqtəsinə çatmışdır. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiası ilə başlanan təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyəti vurğulanmışdır.
Dəyirmi masa iştirakçıları ermənilərin XX əsrdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı faktlarının tanınması məqsədi ilə BMT-yə, Avropa Şurasına və ATƏT-in üzvü olan ölkələrin rəhbərliyinə müraciət qəbul etmişlər.