REGİONLAR
Xaçmazda 117 mindən çox vətəndaş COVID-19 infeksiyasına qarşı peyvənd olunub VİDEO
Xaçmaz, 1 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda bu günə kimi 117 min 462 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan 47 min 644 nəfərinə hər iki doza, 69 min 818 nəfərinə isə ilk doza peyvənd vurulub.
Hazırda rayonda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
Xaçmaz rayonunda infeksiyaya qarşı mübarizə məqsədilə sakinlərin peyvənd olunması kampaniyası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq icra edilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə peyvəndləmə iki mərkəzdə aparılır. Bu günə kimi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında 80 minə yaxın, Xudat Şəhər Xəstəxanasında isə 38 mindən çox vətəndaş peyvənd olunub.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi Sevil Qədirova bildirib ki, xəstəxanadakı vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksin ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşlı sakinlərə könüllülük əsasında vurulub. Vaksin immuniteti gücləndirməklə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.
Xaçmazda vaksinasiya prosesi gündəlik olaraq tərtib olunan qrafik əsasında davam etdirilir. Qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.
Bununla yanaşı səyyar həkim briqadaları rayonun müxtəlif inzibati ərazi dairələrində peyvəndlənmə həyat keçirirlər.