REGİONLAR
Xaçmazda 432 şagird yerlik yeni məktəb binası istifadəyə veriləcək VİDEO
Xaçmaz, 19 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində inşa olunan 432 şagird yerlik ikimərtəbəli məktəb binası yeni tədris ilində istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda binanın dam örtüyünün tikintisi həyata keçirilir. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina otuz sinif otağından ibarət olacaq.
Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirib ki, son üç ildə şimal bölgəsinin altı rayonunda 38 yeni məktəb binası tikilib. Bu məktəblərin 36-sı modul tipli məktəblərdir.
Qarşıdakı illərdə regionda daha 55 məktəb binasının tikintisi nəzərdə tutulub. Bu təhsil ocaqlarından 50-si modul tipli məktəblərdir.