REGİONLAR
Xaçmazda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlanılıb VİDEO
Xaçmaz, 9 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 3 min nəfərdən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 11 kilometr uzunluğundakı yolun yenidən qurulması Çinartala, Manafoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini rahatlaşdıracaq. Uzun illərdir təmir işləri aparılmadığından torpaq və çınqıl örtüklü yolda avtomobillərin hərəkəti üçün bir sıra çətinliklər yaranırdı.
Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumu tərəfindən həyata keçirilir. Tikinti layihəsinə uyğun olaraq yeni yol əsası inşa edilir. İşlərin ilkin mərhələsi başa çatdıqdan sonra yolun asfaltlanması işləri aparılacaq.
Başlanğıcını respublika əhəmiyyətli Gəndob-Yalama yolundan götürən Çinartala-Qıraqlı avtomobil yolunun təmiri may ayı ərzində başa çatdırılacaq. Yolun yenidən qurulması bağçılıq və əkinçiliklə məşğul olan kənd sakinlərinin məhsullarının daşınması üçün də böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Hazırda Xaçmazda turizm əhəmiyyətli Xudat-Nabran avtomobil yolunun asfaltlanması və Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulması işləri də sürətlə davam etdirilir.