REGİONLAR
Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsinin qalibləri müəyyənləşib VİDEO
Xaçmaz, 6 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 6-da Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonların (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) təhsil müəssisələri arasında keçirilən yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsi ehtiramla anılıb.
Tədbirin açılış mərasimində FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Şahin Mirzəyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil şöbəsinin nümayəndələri çıxış edərək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Çıxışlarda gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasının, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən bəhs olunub.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Quba rayonu Qaraçay kənd tam orta məktəbi I, Siyəzən şəhər 2 saylı tam orta məktəbi II, Xaçmaz rayon Gödəkli kənd tam orta məktəbi isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq dərəcəli kubok və diplomlarla təltif olunub.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.