REGİONLAR
Xaçmazda açılan sərgidə dekorativ-tətbiqi sənət nümunələri sərgilənir
Xaçmaz, 7 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 7-də Xaçmaz Dövlət Rəsm Qalereyasında dekorativ-tətbiqi sənət ustası Könül Əsgərovanın əl işlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində təşkil olunan sərginin məqsədi bu kimi sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Sərginin açılış mərasimində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlandığını bildirib. Bu sənət növlərinin gələcək nəsillərə ötürülməsi məqsədilə dərnəklərin yaradılmasının və sənətkarların əl işlərinin satışı üçün sərgi-satış mərkəzlərinin açılmasının nəzərdə tutulduğu qeyd olunub.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov, Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova və başqaları çıxışlarında belə sərgilərin keçirilməsinin sənətkarların fəaliyyətinə xüsusi təkan verəcəyini bildirərək, Könül Əsgərovaya fəaliyyətində uğurlar arzulayıb.
Könül Əsgərovaya Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyə təqdim edilib.
Açılış mərasimindən sonra iştirakçılar K.Əsgərovanın hazırladığı 30-a yaxın dekorativ-tətbiqi sənət nümunəsi ilə tanış olublar.
Bu kimi sərgilərin növbəti günlərdə Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da təşkil edilməsi nəzərdə tutulub.