REGİONLAR
Xaçmazda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb VİDEO
Xaçmaz, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 26-sı səhər saatlarında Quba-Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İdarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı ağaca çırpılan “Toyota Prado” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Maşında olan qadın sərnişin isə ağır yaralanıb. Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan sürücü və sərnişini çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.
Yaralı təcili-tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, avtomobil hərəkətdə olarkən sürücünün ürəyi dayanıb və nəticədə qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.