REGİONLAR
Xaçmazda əsaslı təmir olunan üç bağça sentyabr ayında istifadəyə veriləcək VİDEO
Xaçmaz, 28 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhər 3 saylı körpələr evi-uşaq bağçasında aparılan təmir işləri sentyabrın 15-dək tamamilə yekunlaşacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılır. Bağça körpələrin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunacaq.
Bağçanın müdiri Aybəniz Qasımova bildirib ki, əvvəlki binada otaqların sayı az olduğundan körpələrin təlim-tərbiyəsi ilə müasir tələblərə uyğun məşğul olmaq mümkün deyildi. Bundan başqa, binada mərkəzləşdirilmiş istilik sistemi də olmayıb. 35 yerlik bağçada yenidənqurma işləri çərçivəsində müasir standartlara uyğun yeni dərs otaqlarının tikintisi aparılır. Bağçanın ümumi layihəsi dəyişdirilərək, binanın rəmzi olaraq göyərçin formasında görünüşü təmin edilib.
Hazırda bağçada son tamamlama işləri görülür. Yaxın günlərdə binada daxili tərtibat və həyətin abadlaşdırılması işləri də həyata keçiriləcək.
Bununla yanaşı, hazırda rayonun Qusarçay və Həsənqala kəndlərindəki uşaq bağçalarında da əsaslı təmir işləri aparılır.