REGİONLAR
Xaçmazda iki körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO
Xaçmaz, 15 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 15-də Xaçmaz rayonunda 2 körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusarçay kəndindəki uşaq bağçası balacaların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün lazımi inventarla təchiz olunub. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılıb.
Bağçanın müdiri Nahidə Səbzəliyeva bildirib ki, tərbiyə müəssisəsi istilik və işıqlandırma sistemi ilə təchiz edilib.
Xaçmaz şəhər 3 saylı körpələr evi–uşaq bağçası da əsaslı təmir işlərindən sonra istifadəyə verilib. Bütün lazımi avadanlıqlarla təchiz olunan məktəbəqədər təhsil müəssisəsi 35 yerlikdir.
Bağçanın müdiri Aybəniz Qasımova deyib ki, əvvəlki binada otaqların sayı az olduğundan körpələrin təlim-tərbiyəsi ilə müasir tələblərə uyğun məşğul olmaq mümkün deyildi. Bundan başqa, binada mərkəzləşdirilmiş istilik sistemi də olmayıb. Bağçada yenidənqurma işləri çərçivəsində müasir standartlara uyğun yeni dərs otaqlarının tikintisi aparılıb. Bağçanın ümumi layihəsi dəyişdirilərək, binanın rəmzi olaraq göyərçin formasında görünüşü təmin edilib.
Fevralın 15-də Xaçmazda 20 məktəbəqədər təhsil müəssisəsində tədris ənənəvi formada bərpa edilib. Rayonda fəaliyyət göstərən uşaq bağçalarında ümumilikdə 900-dən çox azyaşlı tərbiyə alır.