REGİONLAR
Xaçmazda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxsin çadırında silah aşkarlanıb VİDEO
Xaçmaz, 25 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları meşəlik ərazidə çətənə kolları yetişdirən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz rayonunun Ləcət kəndi ərazisində yerləşən meşəlik ərazidə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 çətənə kolu aşkarlanıb. Bundan başqa, ona məxsus çadırdan qurudulmuş marixuana, nömrəsi silinmiş iki tüfəng, bir pnevmatik tapança, iki patron darağı və 8 rezin güllə aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı E.Tahirov törətdiyi cinayət əməlini etiraf edib. O, çətənə kollarını cari ilin mayında əkdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.