REGİONLAR
Xaçmazda nikaha daxil olmaq istəyən 1800-dən çox şəxs tibbi müayinədən keçib
Xaçmaz, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblərə uyğun olaraq, bu il Xaçmazda 1800-dən çox şəxs müayinə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçib. Həmin şəxslərdən 53-nün talassemiya daşıyıcısı olduğu, 1 nəfərdə QİÇS, 2 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Nəticələr barədə nikaha daxil olmaq istəyən gənclərə ayrı-ayrılıqda məlumat verilib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslərə iki həftədən gec olmayaraq Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir. Arayışın etibarlılıq müddəti bir aydır.