REGİONLAR
Xaçmazda reyd zamanı qayda pozan sürücülər cərimələnib VİDEO
Xaçmaz, 19 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan sürücülər barəsində inzibati cəza tədbirləri görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II taqımının əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində təşkil olunub. Bu yol ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yerləşdiyindən bayram günləri və yay aylarında hərəkətin intensivliyi xeyli artır.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının II taqımının baş inspektoru Fikrət Aydəmirov bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanır. Bununla əlaqədar yollarda hərəkətin intensivliyi artdığından sürücülər uzaq yola çıxarkən daha diqqətli olmalı, avtomobillərinin texniki sazlığını yoxlamalı, yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.
Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində avtomobili sərxoş halda, etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edən şəxslər aşkarlanaraq, barələrində qanunamüvafiq tədbirlər görülüb.