İDMAN


Xaçmazda şahmat üzrə regional turnir keçirilib

Bakı, 26 may, AZƏRTAC

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə regional turnir keçirilib.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr olunan turnir Xaçmaz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı, Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ), rayon gənclər və idman idarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Həmçinin Arəstə Baxışovanın həyatından bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının sosial komissiyasının sədri, beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova komissiyanın fəaliyyəti, vəzifələri və gələcək planları barədə məlumat verib.

Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, regional mədəniyyət idarəsinin rəisi Vüsal Hüseynov, rayonun gənclər və idman idarəsinin rəisi Elman Məmmədov və digərləri çıxış edərək həyatın hər bir sahəsində gənclərimizin böyük uğurlar qazandıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, bütün bunlar ölkədə həyata keçirilən gənclər siyasətinin, gənc nəslin nümayəndələrinə göstərilən böyük qayğı və etimadın nəticəsidir.

Qeyd edək ki, Şimal regionu üzrə – Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını təmsil edən 130 qız və qadın şahmatçı turnirin yeddi turunda yarışıb. Yekunda altı kateqoriya üzrə fərqlənən gənclər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.