REGİONLAR
Xaçmazda şəhid Qürbət Tarıverdiyevin xatirəsi əbədiləşdirilib VİDEO
Xaçmaz, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Nərəcan kəndində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Qürbət Tarıverdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.
Kompleksin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, Qürbətin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, Qürbət Tarıverdiyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.
Tarverdiyev Qürbət Rasim oğlu 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Ürəyi Vətən sevgisi ilə döyünən 22 yaşlı kəşfiyyatçı müharibənin ilk günlərindən silaha sarılaraq Xocavənd və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub.
Oktyabrın 5-də Füzulinin Qorqan kəndində gedən döyüşlər zamanı yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Kompleksin açılış mərasimindən sonra şəhidin Nərəcan kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.