REGİONLAR


Xaçmazda suvarma kanalları və arxları lildən təmizlənir VİDEO

Xaçmaz, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonun əkinəyararlı sahələrinin suvarılması üçün istifadə olunan 2 min kilometrə yaxın kanalın mart ayına kimi təmizlənməsi nəzərdə tutulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su kanallarının təmizlənməsinə ötən ilin fevral ayından başlanılıb. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır.

Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Xaləddin Məlikov bildirib ki, kanalların təmizlənməsi işlərinə 33 ədəd ağır texnika cəlb olunub. Rayonda 50 min 286 hektar əkinəyararlı torpağı suvarmaq üçün 2 min 387 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir.

Əkin sahələrinin vaxtında suvarılmasını düzgün təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə hər il su kanalları və arxları lil və kol-kosdan təmizlənir. Bu, əsasən torpaq yataqlı arxlara aiddir. Suvarma əsasən Sudan İstifadəçilər Birlikləri ilə bağlanmış müqavilə əsasında aparılır.

“Pirquluoba” Sudan İstifadəçilər Birliyinin icraçı direktoru Əmirsoltan Həkimov deyib ki, kanalların lildən və kol-kosdan təmizlənməsi işlərinin 50-60 faizi artıq başa çatdırılıb. Əsas məqsəd işləri yaz suvarma dövrünə kimi yekunlaşdırmaqdır.

Görülən işlər nəticəsində Xaçmazda əkinlərin normal suvarma suyu ilə təminatında problem yaşanmayacaq.

Su kanallarının təmizlənməsi ilə yanaşı Qusarçay, Qudyalçay və Qaraçayda sahilbərkitmə işləri də həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.