REGİONLAR
Xaçmazda yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir
Xaçmaz, 11 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, maddi-texniki bazanın müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda 480 şagird yerlik Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır. Məktəbdə müasir laboratoriya, kitabxana, yeməkxana, müasir avadanlıqla təchiz edilən kompüter otaqları, emalatxana, idman zalları və istilik sisteminin yaradılması nəzərdə tutulub.
Xaçmaz rayonunun Xudat şəhərində isə 432 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunur. Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb. Binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana olacaq. Yeni təhsil müəssisəsinin inşası təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Əvvəlki bina 93 il öncə istifadəyə verildiyindən müasir tələblərə cavab vermirdi. Üç korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Bundan başqa, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2020-ci il ərzində Xaçmaz rayonunun Tikanoba, Qədimalıqışlaq, Əbilyataq, Xanoba, Xanlıqoba, Çuxuroba və Hacıməmmədoba kəndlərində, ümumilikdə, 7 modul tipli məktəb quraşdırılır. Heydər Əliyev Fondu tərəfindən bir məktəb binası əsaslı təmir olunub, eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bir məktəb binası əsaslı təmir olunur və bir məktəb binası isə yenidən tikilib.