REGİONLAR
Xaçmazın Şıxlı kəndi və Turist qəsəbəsinə ilk dəfə təbii qaz verilib VİDEO
Xaçmaz, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Şıxlı kəndinin və Turist qəsəbəsinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 17-də bu yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə Şıxlı kəndində keçirilən mərasimdə “Azəriqaz” İB-nin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Ümumilikdə, 153 abonenti olan iki yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 18 min 690 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Mərasimdə çıxış edənlər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər haqqında məlumat veriblər.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
“Azəriqaz” İB-nin nümayəndələri kənddəki evlərdə olub, abonentləri qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.