REGİONLAR


Xaçmazın Uzunoba kəndində şəhidlərin xatirəsi əbədiləşdirilib

Xaçmaz, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun Uzunoba kəndində 20 Yanvar faciəsinin 32-ci ildönümü ərəfəsində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən xatirə kompleksinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksdə Uzunoba kəndindən olan şəhidlərin, o cümlədən 20 Yanvar şəhidi Zahid Abdullayevin xatirə lövhəsi yer alıb.

Abidənin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən xaçmazlı döyüşçülərin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarından danışıb.

Mərasimdə çıxış edən şəhid anaları ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, kompleksin tikintisində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər. Tədbirdə Uzunoba kənd tam orta məktəbinin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətində videoformatda konfrans da keçirilib. Rayon icra hakimiyyəti başçısının müavini Günel Nürəddinova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Qeyd edib ki, 32 il əvvəl törədilən bu vəhşilik Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Xalqımız şəhidlərini heç zaman unutmayacaq, onların xatirəsi hər birimiz üçün əzizdir.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.