REGİONLAR
Xaçmazlı arıçılar təsərrüfatlarından bol məhsul əldə ediblər VİDEO
Xaçmaz, 25 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı arıçılar təsərrüfatlarından bol məhsul əldə edirlər. Erkən yazda havaların əlverişli keçməsi arı ailələrinə müsbət təsir göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyul ayının əvvəlindən arıçılıq təsərrüfatlarında bal süzümünə başlanılıb. Təsərrüfat sahibləri bildirirlər ki, builki məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur. Bu mövsüm hər arı yeşiyindən 11 kiloqramdan artıq bal alınır. Toplanan məhsulun bir hissəsi satışa çıxarılır. Hazırda 1 kiloqram balın qiyməti 20-25 manat arasında dəyişir.
Xaçmazlı arıçı Əyyub Paşayev deyir ki, arı ailələrinin mövsüm dövründə planlı surətdə köçürülməsinin optimal təşkili bal məhsuldarlığının artırılmasının əsas amillərindəndir. Köçürülmə işinin düzgün təşkil edilməsi, ilk növbədə, arı ailələrinin inkişafına səbəb olur. Arıçılıqla məşğul olan fermerlər arı ailələrinin yonca, xaşa, şabdar bitkiləri olan əkin sahələrinin, təbii biçənəklərin, cökə və akasiya meşəliklərinin yaxınlığına köçürülməsinə üstünlük verirlər.
“Yüksək məhsuldarlıq əldə etmək üçün mövsüm boyu arıların yerini 5-6 dəfə dəyişmişik. Bu, böyük zəhmət və xərc tələb edir. Bu işi görməsən yaxşı bal götürə bilməzsən. İndi aran balını süzürük. Məhsuldarlıq da bizi qane edir. Bizim region üçün səciyyəvi olan Boz Qafqaz arısıdır və məhsuldarlığı ilə seçilir”, - deyə arıçı bildirib.
Ötən il rayondakı arıçılıq təsərrüfatlarında bir yeşikdən orta hesabla 8-10 kiloqram bal götürülüb.
Dövlət tərəfindən subsidiyanın verilməsi arıçıları təsərrüfatını genişləndirməyə sövq edir. Bu il Xaçmaz rayonunda 221 təsərrüfatda 5 min 962 arı ailəsi subsidiya verilməsi üçün qeydiyyata alınıb.