REGİONLAR
Xaçmazlı məktəbli: Lənkəranın gözəlliyi bizi heyran etdi
Lənkəran, 17 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəranın gözəlliyi bizi heyran etdi. Buradan aldığım təəssürat ölçüyəgəlməzdir. İlk dəfədir cənub bölgəsində oluram. Çox sevinirəm. Bizə bu sevinci bəxş edənlərə “Çox sağolun!” deyirəm.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Lənkəran rayonunda olan Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Gültac Muradova AZƏRTAC-a müsahibəsində bildirib.
Xaçmazlı məktəbli deyib: “İki gün müddətində Lənkəranın görməli yerləri, tarixi və mədəniyyət abidələri ilə yaxından tanış olduq. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyi və Lənkəranın sonuncu xanı Mirəhməd xanın öz xanımının şərəfinə tikdirdiyi evdə yerləşən Rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar, Hirkan Milli Parkında və Xanbulan gölündə gördüyüm gözəlliklər heç vaxt yadımdan çıxmayacaq.
İndiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu, mənim bölgəyə ilk səyahətim olmayacaq, gələcəkdə rəfiqələrimlə, ailə üzvlərimlə tez-tez bu yerlərə gələcəyəm”.