REGİONLAR
Xaçmazlı məktəblilər “ağ ölüm”ün törətdiyi fəsadlar barədə maarifləndirilib
Xaçmaz, 25 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə məktəblilər “ağ ölüm”ün törətdiyi fəsadlar və ona qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər Çingiz Abdullayev adına 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov, təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova, rayon icra hakimiyyətinin məsul işçisi Ceyhun Musayev çıxış edərək, ölkəmizdə gənc nəslin sağlam böyüməsinə xüsusi qayğı ilə yanaşıldığını, narkomaniyaya qarşı ardıcıl mübarizə aparıldığını diqqətə çatdırıblar.
Bildirilib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətdən danışan natiqlər məktəblilər arasında geniş təbliğat və izahat işlərinin vacibliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməli, siqaret çəkən və digər xoşagəlməz hərəkətlərə yol verən şagirdləri müəyyənləşdirərək aidiyyəti orqanlara vaxtında məlumat verməlidirlər.
Çıxışlarda uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi bildirilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.