REGİONLAR
Xaçmazlı mühəndisin toyuq, qaz və ördək yumurtalarından hazırladığı suvenirlər göz oxşayır VİDEO
Xaçmaz, 1 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı gənc Fərmayıl Əhmədovun yumurtadan hazırladığı suvenirlər xarici ölkə vətəndaşlarına satılır. Əvvəllər suvenirləri yalnız hədiyyə edən gənc indi bacarığından gəlir qazanmağa başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir müddət elektrik mühəndisi kimi çalışan Fərmayıl Azərbaycan Texniki Universitetinin məzunudur.
Gənc istedad deyir ki, bu işi internet vasitəsilə öyrənib. Əvvəllər həvəskar şəkildə bu işlə məşğul olan gənc son 5 ildə əl işlərini daha da təkmilləşdirib. Ölkəmizdə belə suvenirləri ondan başqa hazırlayan yoxdur.
28 yaşlı gənc toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə bir-birindən maraqlı suvenirlər hazırlayır.
Fərmayıl Əhmədov bildirir ki, əl işləri sadə görünsə də, bir suvenirin hazırlanması üçün bəzən iki-üç gün vaxt sərf edir. Yumurtanın qabığı zərif olduğundan diqqətlə və səbirlə çalışmaq lazımdır. Suvenir hazırlamaq üçün əvvəlcə yumurtanın içərisi boşaldılır. Bunun üçün yumurtanın hər iki tərəfindən kiçik deşiklər açılmalıdır. İçərisindəki maye süzüldükdən sonra yumurtanın üzərinə eskiz çəkilmiş kağız yapışdırılır. Ya da eskiz birbaşa qabığın üzərinə çəkilir. Bundan sonra yumurtanın qabığı manikür üçün istifadə olunan xüsusi avadanlıqla oyulur. Üzərində bir-birindən gözəl naxışlar yaranan yumurta diqqətçəkən suvenirə çevrilir. Amma iş bununla tamamlanmır. Son mərhələdə hazır suvenir xüsusi maddə ilə yuyulur ki, bu da əl işinin möhkəmliyini və bakteriyalardan qorunmasını təmin edir.
Son illər hazırladığı suvenirləri daha da təkmilləşdirib. Fərmayıl indi yumurtanın üzərində zər, boya və xüsusi bəzək daşlarla ilə daha mürəkkəb naxış və elementlər əlavə edir. Bəzi böyük yumurtalardan isə suvenirlər üçün qablar hazırlayır.
Artıq 2 ildir “ABAD” ailəsinə qoşulan Fərmayıl satış bazarını genişləndirmək və əl işlərini dünyaya daha çox tanıtmaq istəyir. Onun hazırladığı suvenirlər artıq “ABAD”a məxsus etno butiklərdə satışa çıxarılıb. Xaçmazlı gənc bir ədəd suvenir yumurtanı 26-29 manata satır. Əl işlərinin müştəriləri daha çox əcnəbi vətəndaşlar olur.
Yumurtadan hazırlanan əl işləri içərisində gecə işıqları daha çox diqqət çəkir.
Oyma sənətinə böyük marağı olan Fərmayıl Əhmədov kiçik ağac lövhələrdən də suvenirlər hazırlamağı bacarır.
Gənc istedad gələcəkdə Bakı şəhərində, eləcə də bölgələrdə əl işlərindən ibarət sərgi təşkil etməyi planlaşdırır.