REGİONLAR


Xaçmazlı təsərrüfatçılar fındıq bağlarından məhsul yığımına başlayıblar VİDEO

Xaçmazlı təsərrüfatçılar fındıq bağlarından məhsul yığımına başlayıblar VİDEO

Məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur

Xaçmaz, 8 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmazlı təsərrüfatçılar fındıq bağlarından məhsul yığımına başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun ilk günlərindən başlayan fındıq yığımı sentyabr ayınadək davam edir.

Təsərrüfatçılar bildirirlər ki, fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur. Məhsulun bol olması bağ sahiblərinin daha çox gəlir əldə edəcəyini deməyə əsas verir.

Rayonun Çarxı kəndindən olan fermer Yusif Məmmədovun sözlərinə görə, son illər fındıqçılığa maraq xeyli artıb. Təsərrüfatçılar əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdısa, indi fındıq bağlarına daha çox üstünlük verirlər. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə az zəhmət tələb edir. Məsələn şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən çox dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur.

Fermerlər hər fındıq ağacından 7-8 kiloqram məhsul yığılacağına əmindirlər.

Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

Təsərrüfatçı Yusif Məmmədov bildirir ki, 0,5 hektar fındıq bağında 100-ə yaxın fındıq ağacı becərmək olar. Bu isə indiki qiymətlərlə il ərzində 4-5 min manatdan çox gəlir deməkdir. Əlbəttə, məhsuldarlığın artmasında təbii amillərlə yanaşı, bağlara düzgün aqrotexniki qulluq göstərilməsinin də böyük rolu var.

Fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Xaçmaz rayonunda 8 min 218 hektar fındıq bağı var ki, bunun da 3 min 921 hektarından məhsul yığılır. 2017-ci ildə bu bağlardan 5 min 800 tondan çox fındıq toplanılıb.

Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.