MƏDƏNİYYƏT
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən vəhşiliklə törədilən faciədə 613 nəfər günahsız insanın xüsusi amansızlıqla, işgəncələrlə öldürüldüyünü, minlərlə əhalisi olan bütöv bir şəhərin yerlə yeksan edildiyini vurğulayıb. Erməni işğalçılarının nəinki torpaqlarımızı, milli-mədəni nümunələrimizi də mənimsədiklərini, beynəlxalq aləmdə onları özlərininki kimi təqdim etdiklərini bildirib. O, ermənilərin bu mənfur siyasətinin qarşısının alındığını, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Natiq Xocalı əhalisinin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə edib. Ə.Nuriyev çıxışının sonunda anım tədbirlərinin keçirilməsində məqsədin xalqımızın başına gətirilən faciəni gələcək nəsillərin yaddaşına köçürmək və onlara mübarizlik əzmini aşılamaq olduğunu deyib.
Daha sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr edilmiş filmə baxıblar.
Qeyd edək ki, fevralın 24-dən muzeyin foyesində Əməkdar rəssam Aydın Rəcəbovun müəllifi olduğu və Xocalı faciəsinə canlı şahidlik etmiş toxucuların əl işi olan “Ana fəryadı” adlı xovlu xalça nümayiş etdirilir.