REGİONLAR
“Xalçaların Şahı” müsabiqəsinin qalibləri müəyyənləşib
Qusar, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC
Fevralın 18-də Şahdağ Turizm Mərkəzində artıq üçüncü dəfə keçirilən “Red Bull Shakh Carpet” idman yarışının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Xalçaların Şahı” adlanan müsabiqədə münsiflər heyəti üç meyar üzrə qalibləri seçib. Ən yaxşı tullanmaya görə “Super liqa”, kostyumların və çıxışın kreativliyinə görə “Kalambur”, tamaşaçı simpatiyasına görə isə “Hit parad” komandaları birinci olub.
Əyləncəli müsabiqədə ümumilikdə 18 komanda iştirak edib.
Yarışmanın mahiyyəti ondan ibarətdir ki, maskarad kostyumu geyinən iştirakçılar, hazırladıqları qeyri-adi qurğularla dağdan eniş edərək sonda soyuq su ilə dolu hovuza düşürlər.
İştirakçılar sonu 80 sm hündürlüyə malik tramplinlə bitən 80 metr məsafəni qət edirlər. Müsabiqə üçün xüsusi olaraq hazırlanan nəqliyyat vasitələrində əsas element – xalçadır.
Əyləncəli yarış Şahdağ Turizm Mərkəzində dincələn yerli və əcnəbi turistlər tərəfindən maraqla qarşılanıb.