İQTİSADİYYAT


Xalid Əbdüləziz Al Falih: OPEC üzrə neft hasilatı gündəlik 1 milyon barrel artırılıb

Bakı, 22 iyun, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatı sutkalıq 1 milyon barrel artırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 22-də Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından sonra jurnalistlərə müsahibəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.

O bildirib ki, iclasda neft hasilatının gündəlik 1 milyon barrel artırılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.