ELM VƏ TƏHSİL
Xalıq Yahudov: Azərbaycanın uğurlu xarici siyasəti ali təhsil sahəsində dünya elminə inteqrasiyanı sürətləndirir
Bakı, 19 fevral, P.İmanova, AZƏRTAC
Fevralın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji, ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” ERASMUS+LPEB layihəsinin beynəlxalq pilot qrupunun üçüncü seminarı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, seminarda layihəyə qoşulan səkkiz ölkədən nümayəndələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Seminarının plenar iclasında AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov Azərbaycan ali təhsil müəssisələrinin dünya, o cümlədən Avropa universitetləri ilə əlaqələrindən danışıb. Qeyd edilib ki, Azərbaycanın uğurlu xarici siyasəti ali təhsil sahəsində dünya elminə inteqrasiyanı sürətləndirir.
AzTU-nun tədris proqramından, fəaliyyət istiqamətlərindən söz açan X.Yahudov ali məktəbin bir sıra beynəlxalq təhsil proqramlarında fəal iştirak etdiyini söyləyib. Gənclərimizin dövlət hesabına ən nüfuzlu xarici universitetlərə göndərilməsi, xarici ali məktəblərlə ikili diplom müqavilələrinin imzalanmasının bu siyasətin parlaq nümunəsi olduğu vurğulanıb.
AzTU-nun müxtəlif beynəlxalq layihələrdə yaxından iştirak etdiyini söyləyən Xalıq Yahudov “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji, ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” layihəsinin həyata keçirilməsini ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirib. Diqqətə çatdırılıb ki, layihəyə ölkəmizin bir sıra ali təhsil müəssisələri də qoşulublar. Layihədə AzTU-nun, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları iştirak edirlər.
ERASMUS+LPEB layihəsinin regional əlaqələndiricisi, AzTU-nun kafedra müdiri, professor Həsən Hüseynov bu layihə çərçivəsində ölkəmizdə binaların enerji, ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrını ən müasir səviyyədə hazırlamağın mümkün olduğunu bildirib. Qeyd edilib ki, ERASMUS+LPEB layihəsi çərçivəsində ixtisasa yiyələnən kadrların işlə təminatı məsələsində problem yaranmayacaq. Bu kadrlara əmək bazarında böyük ehtiyac olduğunu vurğulayan H.Hüseynov deyib ki, onlara qoyulan tələbləri birbaşa əmək bazarındakı ixtisaslı mütəxəssislər, rəhbər şəxslər müəyyənləşdirib.
Tədbirdə çıxış edən xarici qonaqlar Azərbaycan ali təhsil sistemi ilə bağlı fikirlərini bildiriblər.
Seminarda Fransadan üç, İtaliyadan üç, Almaniyadan bir, İspaniyadan bir, Bolqarıstandan bir, Rusiyadan on üç, Çin Xalq Respublikasından üç, Azərbaycandan beş universitet və təşkilat təmsil olunub.
İşini bölmə iclasları ilə davam etdirən seminar fevralın 23-də yekunlaşacaq.