CƏMİYYƏT
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbir keçirilib
Moskva, 10 may, AZƏRTAC
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda faşizm üzərində Qələbə günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, mayın 9-da XTNS-dəki “Azərbaycan” pavilyonunda Azərbaycanın faşizm üzərində Qələbədəki roluna həsr olunmuş tədbir keçirilib.
Pavilyonun qonaqlarına Azərbaycan kinematoqrafçılarının İkinci Dünya müharibəsinə və xalqlar dostluğuna həsr olunmuş filmləri nümayiş etdirilib, improvizə olunmuş əbədi məşəl alovlandırılıb. Ziyarətçilər üçün fotozona, xatirə hədiyyələri ilə viktorinalar, tematik ekskursiyalar təşkil olunub. Onlar miniyarmarkada milli məhsulların dadına baxmaq fürsəti də əldə ediblər.
Tədbir iştirakçıları - RF Dövlət Dumasının deputatları, ekspertlər, moskvalılar və şəhərin qonaqları əbədi məşəl önünə güllər düzüblər.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova qonaqları salamlayaraq, Qələbə gününün yaxınlaşmasında Azərbaycan neftçilərinin xüsusi rolunu qeyd edib.
O deyib: “Azərbaycanın 130-dan çox nümayəndəsi müharibədə göstərdiyi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabiti müxtəlif orden və medallarla təltif edilib. Sözsüz ki, bizim missiyamız pavilyonun qonaqlarına faşizm üzərində Qələbəyə Azərbaycanın verdiyi töhfə barədə söhbət açmaqdır. Biz faşizmə qarşı mübarizədə canlarından keçən bütün qəhrəmanların xatirəsini daim anmalıyıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva