CƏMİYYƏT
Xalqımız hər zaman doğma Vətəni göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan gənci elm, iqtisadiyyat və digər sahələrdə inkişaf prosesində fəal yer aldığı kimi, zəfər yürüşlərində də həmişə ön sıralarda olub. Daim yüksək döyüş əzmi ilə seçilən gənclərimiz Vətənin dar günündə də öz sözlərini demək üçün hər an hazırdırlar.
Bu fikri “İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova AZƏRTAC-a açıqlamasında deyib.
İctimai Birliyin sözçüsü qeyd edib: “Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Azərbaycan xalqı daim vətənpərvərliyi ilə seçilib. Tarixin müxtəlif səhifələrindən insanlarımızın torpağa, Vətənə necə bağlı olmaları, onu necə qorumaları haqqında minlərlə hadisələrə, qəhrəmanlıq nümunələrinə rast gəlmək olar. Bu gün də Azərbaycan vətəndaşı Vətəninə, xalqına, torpağına bağlılığı ilə seçilir, xüsusən də gənclərdən formalaşan ordu birləşmələrimiz mənfur qonşumuz olan Ermənistanın işğalçı siyasətinə - təxribatlarına daim adekvat cavablar verir. Bütün bunların fonunda ölkəmizdə formalaşan vətənpərvər gənclərin ilbəil döyüş əzmini daha çox ortaya qoymaları isə qürurvericidir. Bu da təsadüfdən yaranmayıb. Çünki gənclərimiz daim el-obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunurlar. Azərbaycan gəncliyi hələ 1990-cı illərdə qəhrəmancasına döyüşmüş və şəhid olmuş Vətən oğullarını, yüzlərlə qəhrəmanımızı özü üçün nümunə götürüb, qisas eşqi ilə alovlanıb. Bu gün adı dillər əzbəri olan igidimiz Mübariz İbrahimov düşmən səflərini yararaq və xeyli sayda erməni əsgərini məhv edərək misilsiz qəhrəmanlıq nümunəsi göstərməsi ilə özündən sonra gələn yeni nəsil üçün əsl vətənpərvərlik örnəyi oldu. Gənclərimiz Əlif Hacıyev, Albert Aqarunov və digər şəhidlərimizin, eləcə də Aprel döyüşləri qəhrəmanlarının igidliklərini daim yad edir, onların ibrətamiz həyatından, torpağa, xalqa bağlılıqlarından nümunə götürürlər. Bu, tarixən belə olub və bundan sonra da belə olacaq. Çünki xalqımız hər zaman Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib.
Ə.Şükürova bildirib ki, düşmən işğal etdiyi əbədi və əzəli torpaqlarımızdan çəkilmək istəmədikcə, qisas hissi və tarixi ərazilərimizin azad olunması eşqi ilə yaşayan gənc nəsil zaman-zaman işğalçıya öz yerini göstərəcək. Necə ki, bunu Aprel döyüşlərində gördük. Son günlər isə Tovuz istiqamətində bunun bir daha şahidi oluruq. Hərçənd birinci təxribat hadisəsi işğal olunmuş ərazilərimizlə üz-üzə olan döyüş postlarında olmuşdusa, düşmənin daha böyük təxribatlara hesablanan sonuncu cəhdi sərhəd bölgəsində baş verdi. Prezident İlham Əliyevin bu təxribata cavabı qəti oldu: “Biz düşmənə yenidən öz yerini göstərəcəyik”. Həqiqətən də bu gün fəxr olunası Azərbaycan gəncliyi formalaşıb ki, onların sayəsində ordumuz daim güclənir, Aprel döyüşlərində olduğu kimi bu dəfə də öz sözünü dedi, düşmənə öz yerini göstərdi. Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu necə yüksəltdisə, son hadisələrdən sonra da gəncliyimizin vətənpərvərlik hissi, döyüş əzmi birə-beş artıb. Necə ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi, cəmiyyətimizin yaşanan son olaylara münasibəti də dövlət-xalq birliyinin sarsılmazlığını bir daha göstərdi.