CƏMİYYƏT
Xalqımızın tarixi ənənələrindən irəli gələn multikulturalizm milli mənəvi dəyərlərimizin tərkib hissəsidir
Bakı, 20 aprel, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin icrası, həmçinin Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda, dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə silsilə tədbirlər təşkil edir.
Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, dini icma sədrləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayondakı dini durum, dövlət və din münasibətləri, milli mənəvi dəyərlər barədə ətraflı məlumat verib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi, bununla bağlı ölkədə silsilə tədbirlər keçirilməsi barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlməklə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. O, çıxışında, eyni zamanda, dini radikalizm və onun fəsadları, radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi məsələlərinin önəmini vurğulayıb.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Tahir Xası, Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.