ELM VƏ TƏHSİL


Xaricdə təcrübə keçən gənc alimlər Azərbaycan elminə  mühüm töhfələr verəcək

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri, Fizika, Kataliz və Qeyri-üzvi Kimya, Coğrafiya, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutları, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları xarici ölkələrdə təcrübə keçiblər. Alimlərimiz ABŞ, Almaniya, Fransa, Tayvan, Polşa və Türkiyədə keçirilən təqaüd proqramları, təlimlər, həmçinin müxtəlif layihələrdə iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın prezidenti, akademik Akif Əlizadə xaricdə təcrübə keçmiş gənc tədqiqatçılarla görüşüb.

A.Əlizadə bildirib ki, gənc alimlərin xarici ölkələrə ezam olunmasında məqsəd onların bilik və bacarıqlarının artırılması, müvafiq sahələr üzrə xarici ölkə təcrübəsinin öyrənilməsidir. Bu isə gənc tədqiqatçılara qazandıqları yeni bilikləri öz elmi araşdırmalarında tətbiq etmək imkanı verməklə yanaşı, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirəcək, ölkə elminə yeni töhfələr verəcək.

Akademik Azərbaycanda gənclər siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Prezident İlham Əliyev gənc alimlərin fəaliyyətlərinin stimullaşdırılması, onların Azərbaycan elminin inkişafında rolunun artırılması və fəal iştirakı məsələsinə xüsusi diqqət ayırır. Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında olduğu kimi, elm sahəsində də mühüm nailiyyətlərə imza atmaları üçün zəruri tədbirlər görür.

Gənc alimlərə tövsiyələrini verən AMEA-nın prezidenti onlara ölkə elminin tərəqqisi yolunda yeni nailiyyətlər arzulayıb. O, gəncləri ezam olunduqları ölkələrin elmi müəssisələri ilə AMEA arasında əməkdaşlığın qurulması, kadr və təcrübə mübadiləsinin aparılması istiqamətində birgə səy göstərməyə çağırıb.

Sonda çıxış edən gənc tədqiqatçılar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Dilqəm Tağıyev, Rəyasət Heyəti aparatının idarə rəhbərləri, həmçinin müvafiq institut və müəssisələrin direktorları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.