SİYASƏT


Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, iyulun 15-19-da keçiriləcək diplomatiya həftəsində Azərbaycanın xarici siyasəti və nailiyyətləri ilə bağlı ölkəmizin aparıcı ali təhsil ocaqlarında təhsil alan 50-yə yaxın tələbəyə sahə üzrə daha dolğun məlumatların verilməsi məqsədilə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, eləcə də diplomatik nümayəndəliklərimizin rəhbərləri tərəfindən mühazirə və seminarlar təşkil olunacaq.

Diplomatiya həftəsinin açılışında çıxış edən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, 100 illik tarixə malik olan Azərbaycan diplomatiyası bu gün böyük uğurlara imza atıb. Diplomatlarımız çalışdıqları ölkələrdə və beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın haqlı mövqeyindən çıxış edirlər. Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir. Bu gün Azərbaycan çox müsbət beynəlxalq imicə malik olan bir ölkədir. Dünya birliyi tərəfindən Azərbaycana böyük rəğbət bəslənilir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təmsil etdiyi təhsil ocağının gənc diplomatların yetişdirilməsində oynadığı roldan danışıb.

Qeyd edək ki, tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tələbələrə ulu öndər Heydər Əliyevin zəngin irsi barədə daha geniş məlumatın verilməsi məqsədilə onların Heydər Əliyev Mərkəzinə ekskursiyası planlaşdırılıb. Habelə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, baş prodüseri Arzu Əliyevanın olduğu “Əbədi ezamiyyət” sənədli filminin nümayişi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.