SİYASƏT
Xarici jurnalistlərdən, ictimai-siyasi xadimlərdən Azərbaycana dəstək
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanın haqq işində təkcə xarici ölkələrdə yaşayan, qəlbi Vətənlə döyünən soydaşlarımız həmrəylik nümayiş etdirmir, ölkəmizə dost münasibəti bəsləyən xarici ekspertlər, tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər də müxtəlif platformalar vasitəsilə öz dəstəklərini bildirirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə çağırırlar. Onlardan bəzilərini təqdim edirik:
Amerikalı jurnalist və analitik İrina Tsukerman: “Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış məntəqələrinə hücumları ölümlə nəticələndi. Bu, müharibə cinayəti və insan haqlarının pozulmasıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilib”.
Fransalı tarixçi Maksim Qoən sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini bildirib: “1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan Yerevan rejiminin oğurladığını geri qaytarır”.
BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: “Şübhəsiz ki, Qarabağ Azərbaycandır… Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycanı birmənalı və hərtərəfli şəkildə dəstəkləyirlər”.
Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: “Soyqırımı, işğal və təcavüz”.
İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm də müasir tarixindən xəbərdar olmayan, heç vaxt bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib. O bildirib ki, hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir”.