CƏMİYYƏT


Xarkovda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirilib

Xarkov, 20 dekabr, AZƏRTAC

Xarkov şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən tədbirdə ölkəmizin Ukraynadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Xarkov Vilayət Dövlət Administrasiyasının və Sumı Vilayətinin Deputatlar Şurasının rəsmi nümayəndələri, Azərbaycan və Ukrayna parlamentariləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, diaspor və media təmsilçiləri iştirak ediblər.

Tədbirə qatılanları qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya azərbaycanlılarının milli məfkurə ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndər 27 il bundan əvvəl Dünya Azərbaycanlılarının Həmrəylik Gününü tarixə salmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı, sözün əsl mənasında, milli azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. Dahi Heydər Əliyev ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən fəxri konsul, son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini diqqətə çatdırıb.

Sumı Vilayət Radasının sədri Vladimir Tokar, Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa, Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi Samir Allahverdiyev və diaspor rəhbərləri tədbirdə çıxış edərək Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar.

Xarkov vilayətində yaşayan soydaşlarımızın birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Azərbaycanın və Ukraynanın tanınmış sənət ustalarının ifasında maraqlı konsert proqramı nümayiş etdirilib. Tanınmış səhnə ulduzlarının şən və həzin mahnıları tədbirə qatılanlara əsl bayram ovqatı bəxş edib.

Tədbir çərçivəsində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda Azərbaycan ilə Ukrayna arasındakı elmi, humanitar əməkdaşlığın perspektivləri mövzusuna həsr olunmuş “dəyirmi masa” keçirilib. Xarkov və Sumı vilayətlərində fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları rəhbərlərinin iştirak etdikləri tədbirdə ölkələrimiz arasında bir çox sahələrlə yanaşı, elm, mədəniyyət və humanitar sferalarda əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.