REGİONLAR
Xatirə turniri Şəki voleybolçularının qələbəsi ilə başa çatıb
Şəki, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə tanınmış voleybolçu, idman ustası Vaqif Şahvələdovun xatirəsinə həsr olunmuş yeniyetmə oğlanlardan ibarət komandalar arasında voleybol üzrə respublika turniri yerli komandaların qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə Şəkinin 6 komandası, həmçinin Sumqayıt şəhəri, Qax, Zaqatala və Balakən rayonlarından gəlmiş komandalar mübarizə aparıb.
Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhərdəki 20 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda şəhər 10 nömrəli tam orta məktəbin birinci komandası uğurla çıxış edərək, turnirin qalibi adını qazanıb. Şəhər 20 nömrəli tam orta məktəbin komandası turniri ikinci pillədə başa vurub. Şəhərdəki 10 nömrəli tam orta məktəbi təmsil edən daha bir komanda isə turnirin üçüncüsü olub.
Xatirə turnirinin qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.