CƏMİYYƏT
Xatirələrə çevrilsə də, unudulmur...
Bakı, 24 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan “Dünyagöz” göz klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə anım mərasimi keçirilib. Tədbirdən əvvəl rayon rəhbərliyi və qonaqlar klinikanın tibb kabinetləri, palata və avadanlıqlarla tanış olublar.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri “Dünyagöz” göz klinikasının baş həkimi, professor Dilavər Erşanlı açaraq qeyd edib ki, akademik Zərifə Əliyeva şərəfli və mənalı bir ömür yaşayıb, elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəlib, parlaq fəaliyyəti ilə tibb elmində silinməz iz qoyub.
Görkəmli oftalmoloq- alim haqqında film nümayiş olunub.
Tədbirdə tibb elmləri doktoru Paşa Qəlbinur akademik Zərifə Əliyevanın yaşadığı ömür yolu, pedaqoji fəaliyyəti, tibb elminə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan mərhum akademik həkimlik fəaliyyəti zamanı şəfalı əlləri ilə neçə-neçə xəstəyə göz nuru bəxş edib.
Tanınmış modelyer Fəxriyyə Xələfova məşhur oftalmoloqla bağlı xatirələrini söyləyib, onun incə və zərif ruhlu xanım, mehriban ana, qayğıkeş həkim kimi nəcib və xeyirxah keyfiyyətlərindən söhbət açıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məşhur göz həkiminin elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətlərinin danılmaz olduğunu söyləyib. Bildirilib ki, oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə Əliyeva Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Tədbirdə qeyd olunub ki, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar “Dünyagöz” göz klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə imkansız ailələrin nümayəndələri üçün üç gün davam edən pulsuz göz müayinələrinin keçirilib və həmin aksiyaların il ərzində bir neçə dəfə keçiriləcəyi bildirilib.