SİYASƏT
Xələf Xələfov: Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün müvafiq addımlar atır
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan sülh gündəliyini irəli sürüb və regionda sülhün bərqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün müvafiq addımlar atır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov sentyabrın 16-da Bakıda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələr zamanı deyib.
Nazir müavini Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri barədə danışaraq Ermənistan tərəfinin sülh gündəliyinin irəliləməsini dayandırmaq, üçtərəfli razılaşmaların həyata keçirilməsini əngəlləmək üçün silahlı təxribat törətdiyini diqqətə çatdırıb.
Rumıniyanın dövlət katibi Yulian Fota hazırkı beynəlxalq böhran şəraitində Azərbaycanın Avropa üçün vacib ölkə olduğunu vurğulayıb.